Məqalələr

Məqalələr

Xanım Fatimə.

Sən dünyaya gələndə, körpə qızlar diri – diri basdırılırdı. Sən dünyaya gələndə, qadın alınıb satılırdı. Səni göndərən Rəbbim, xanımlara əsl nümunə, kişilərə əsl dərs göndərdi.
Xanıma necə davranmaq dərsi…
Bir qız uşağı necə baş tacı edilməlidirsə, bax o dərs. Bir qadın necə evinin xanımı edilməlidirsə, bax o… Bir Anaya necə- Anaya layiq -davranılmalıdırsa, həmin o…

Elə biz xanımlara da yaşamaq üçün örnək lazımdır, deyilmi? Düşünürəm, sənin kimi İDEAL örnəyimiz olmasaydı, biz həyatın dolanbac anlarında kimə baxacaqdıq?
Sən, Zəhra can, həyatın elə bir dövrü, elə bir anı yoxdur ki, orada nümunəvi olmayasan.
Hansı birini deyim ki..?
Bir qız övladı olaraq, Atanla münasibətinimi deyim, yoxsa kiçik yaşlarından anasız qalıb anasız qızlara olduğun təsəllini?
Həyat yoldaşını dərindən anlayıb, onun dərdlərinə məlhəm olmağınımı deyim, ya övladlarına qayğıkeş Analığını?
Elə bir mövzu olmadı ki, sən bizlərə örnək olmadın. Sən oldun, amma biz sənə layiqikmi, görəsən?

Bugün, bəlkə elə ancaq bunu düşünək hamımız?

Düşünək, yaxşı övlad ola bilmişikmi, yaxşı həyat yoldaşıyıqmı, yaxşı Anayıqmı, hər olduğumuz camiələrdə əsl XANIM adını daşıya bilirikmi?
Bəylər, ailənizdəki bütün xanımları əsl XANIM edə bilirsizmi? Məsələn 3 qızınız olduğuna görə həqiqətən özünüzü xoşbəxt hesab edirsizmi?
Gəlin, düşünək…..

İlahi, bugünkü gündə səndən ancaq bir ricam var: lap qarşımızdakı Əli kimi olmasa belə, biz xanımları Zəhra kimi elə. İsrarla deyirəm, Sən, bizi Zəhra kimi elə! Qoy biz nümunə olaq, bizi onun kimi elə.

Bizləri onun İZİNDƏ elə.
Köməyimiz ol. Ol ki, iki dünya xanımının qoyduğu ləpirdə bizim də izimiz olsun.
Biz o Kovsəri çox sevirik, bizi onla yanaşı elə.

Biz Bətulu çox sevirik, bizi onun İZİNDƏ elə…

Zöhrə Əzizova.

Daha çox bax
Başa dön tuşu