Ədəbiyyat təhlili

Ədəbiyyat təhlili

Qızım və Çadra

Nərgiz bu günlərdə babası üçün çox darıxırdı. Sanki ev soyumuş, otaqlar buza dönmüşdü. Evdəki hər kəs onun üzünü güldürməyə çalışsa da, dilindən yalnız babasının onu əzizləyən sözləri çıxırdı. O, babasının “Nərgiz gülü” idi. Bu söz ancaq babası deyəndə onun üçün daha xoş və daha qiymətli olurdu.
Yenə eyni axşamlardan biri idi. Bu gecə də Nərgiz babası üçün darıxırdı. Yeməyini yedikdən sonra otağına keçib divardan asdığı təqvimə bir xətt çəkdi və dedi:
  -Bir gün də bitdi… Artıq babanın gəlməyinə üç gün qaldı.
Sonra yatağına uzanıb babasının aldığı çəhrayı dovşanını qucaqladı:
 – Bilirsən, zuzu, mən baba üçün çox darıxıram. Amma bilirəm ki, babam çoxdandır istədiyi arzusuna çatıb. Biz babamla hər zaman pul yığırdıq ki, babam illərdir istədiyi ziyarətə getsin – Kərbəlaya. İndi artıq babamın gəlməyinə çox az qalıb. Bilirsən, babam söz verib ki, mənə oradan çox dəyərli bir hədiyyə alıb gətirəcək. Yenə babam gələcək, məni gəzməyə aparacaq…
Nərgiz zuzu ilə birgə xəyallar qura-qura yuxuya getdi.
Nəhayət, o gün gəlib çatmışdı. Nərgiz səhər oyandı, əl-üzünü yudu, təzə paltarlarını geyindi. Evdə xüsusi bir təlaş və sevinc vardı. Nənəsi və bibisinin bişirdiyi xörəklərin ətri bütün evi bürümüşdü. Atası isə çoxdan babasını qarşılamaq üçün hava limanına getmişdi.
Və budur, darvaza açıldı. Nərgiz sevinclə qışqırdı:
 – Babam gəldi! Babam gəldi!
Qapını açıb babasının isti qucağına qaçdı:
 – Babacan, sənin üçün çox darıxmışam…
 -Nərgiz gülüm, mənim cənnət ətirli çiçəyim… Mən də sənin üçün çox darıxmışdım.
Nərgiz balaca qollarını babasının boynuna elə dolamışdı ki, evdəki heç kəs onları ayırmaq istəmədi. Babasının qucağında evə daxil oldular. Divanda da babasının qucağından düşməyən Nərgiz sevinc və həyəcanla soruşdu:
  – Babacan, mənə nə hədiyyə almısan?
Baba gülümsəyərək dedi:
  – Get, qapının yanındakı əl çantamı gətir.
Nərgiz balaca əlləri ilə çantanı babasına uzatdı. Baba çantasından üzərində “Ya Zəhra” yazılmış yaşıl rəngli bir hicab çıxarıb Nərgizin başına bağladı. Sonra onun balaca əlindən tutub qapıya gələn qonaqları qarşılamağa başladı.
Elə həmin gün hicabın nuru və sevgisi babasının əlləri ilə Nərgizin qəlbinə yerləşdirildi.
İndi isə Nərgiz o sevgini öz qızına əmanət etmək üçün sandığın ağzını açdı. Babasından yadigar qalan yaşıl hicabı götürüb qızının başına bağladı, qızının balaca əlindən tutub məscidə getmək üçün evdən çıxdı.

Rüqəyyə Nur

Daha çox bax
Başa dön tuşu