Ədəbiyyat təhlili

Mövzu: Hicab.
Oyanış
O vaxtlar onun hicab barədə təsəvvürü çox az idi.Küçədə,metroda çox az hallarda hicablı qadın görünərdi.Hicabın vacib olduğunu da bilmirdi,ümumiyyətlə o, namaz, oruc, hicab..bu kimi şeylərin vacib olduğunundan xəbərsiz idi. Ordan- burdan eşitdiyi bircə bu idi ki, insan qocalanda namaz qılmalıdır, qadın yaşlandıqca mütləq başını örtməlidir, yəni hicab yaşlananda lazımdı, gənc qadına hələ hicab lazım deyil..cavandı..
O sonralar cahil insanların uydurduğu bu ” hökmlərə” acı-acı güləcəkdi..
Hər şey yeni ailə qurmuş bibisi oğlunun xanımını da götürüb onlara qonaq gəlməsi ilə başlamışdı.Bu gənc çox imanlı və təqvalı idi. Xanımı hicabda özü isə dindarlara xas görkəmdə idi..Danışanda isə elə bil ağzından dürr tökülürdü.Onun dini söhbətləri,Peyğəmbərdən, imamlardan nəql etdiyi hədislər, Qurandan misal çəkdiyi ayələr mənim qəhrəmanımı əməlli-başlı “yoldan çıxarmışdı”..O bu vaxta qədər bu gözəllikləri niyə görməmişdi, niyə bilməmişdi?..
Elə həmin gün qəlbində bir oyanış,vücudunda bir titrəyiş hiss etmişdi..Doğurdanmı, namaz,oruc,hicab..bunlar vacib məsələlərdir?Halbuki, o bu günə qədər bu işlərin könül məsələsi olduğunu zənn edirdi..Bəs o bu barədə niyə düşünməmişdi?Əhli-beytdən ayrı necə yaşamışdı?.Bu gözəlliklərdən necə xəbərsiz olmuşdu?.
Beləcə, qəlbində xırda qığılcımlar oyanmağa başlayır, ürəyinin dərinliyində gələcəkdə böyüyüb bəhrə verən kiçik fidanların cücərdiyini hiss edirdi.
Artıq beynində bir qərarın qəti olduğunu özü üçün təsdiqlədi..Namaz!..
Sözləri tez əzbərlədi,ancaq namazdakı hərəkətlərin ardıcıllığını düzgün yerinə yetirmək üçün iri kağıza yazıb gözünün önündə qoydu..
Mayın 27-si..Sübh çağı..Sonralar o bu tarixi özünün yenidən doğulması kimi ömür təqviminə əlavə edəcəkdi..Bəli..o həmin gün yenidən doğuldu..
Nəhayət həmin an çatdı.Bu gün o gündür.. o böyük gün..hansı ki, günlərdir buna hazırlaşmışdı.Qəribə həyəcan vardı içində,axı niyə həyəcanlanırdı?..Özü də bilmirdi.
Dəstəmaz alıb axşamdan hazırladığı paltarı geyindi, ər tərəfdən uzaq qohumun Məkkədən gətirdiyi boz yumşaq yaylığı başına bağladı..Dayandı namaza..Amma həyəcanı getdikcə artır,ürəyi tez-tez vururdu. Yenicə aşiq olan birinin ilk dəfə sevdiyinin qarşısında dayanıb ürəyini açmaq istəyərkən həyəcandan tutulan və titrəyən biri kimi.. Sözləri nə qədər aramla deməyə çalışsa da, həyəcanı artaraq nəfəsini daraldırdı.Ürəyi sinəsindən çıxmağa yer axtarırdı..Bütün vücudundan tər damcıları axırdı.Başından axan tər damlaları alnından yanaqlarına,çənəsinə doğru yan almışdı.Elə bil fəsillər yerini dəyişmidi, qışdan sonra birdən- birə yay gəlmiş, dağların qarını,buzunu əridib tökürdü..
Kim bilir..bəlkə də..Bəlkə də qəlbində yanan iman günəşi illərlə üst-üstə yığılmış buz dağlarını əridirdi..Lakin o, bunu illər sonra dərk edəcəkdi..
Bu vəziyyət təzə vaxtlar bir müddət davam etdi,sonralar daha belə hal yaşamadı..həyəcan yavaş-yavaş itdi…Amma illər sonra o ilk namazların həsrətini çox çəkəcəkdi..o halı yenidən yaşaya bilmək üçün nələr verərdi..
Namazı bitirib ayağa qalxdı. Sonra divardan özünün asdığı, qıraqları qızılı naxışlarla bəzədilmiş gəlinlik güzgüsünün qabağında dayandı- həmişə qarşısında bər-bəzəkli dayandığı güzgünün…Bəxtinin güzgüzündə özünə baxdı..
Özünə “baxmağı” sevirdi..indi də baxırdı, amma başqa cür..Güzgüdən baxan kimi idi?- O idimi, ya başqası?.Həmişə bəzənən,xüsusi zövqlə geyinən, şirin gülüşlü o cazibədar qadın birdən- birə yox olmuşdu.Yerində bəzəksiz, sadə, zərif təbəssümlü,aydın simalı bir qadın dayanmışdı.Başındakı bu örtüyə, bir geyimlə necə dəyişdiyinə baxırdı.O təkcə simasına tamaşa etmirdi, o, özünü görürdü..qəlbini,hisslərini, duyğularını,istəklərini, kimliyini, buralarda nə üçün var olduğunu görürdü..Ürəyinin böyük məhəbbətlə döyündüyünü görürdü..
Və o, ilahi bir əlin onun üzünə,gözlərinə, qəlbinə çəkdiyi sığalın izlərini görürdü.Sanki bu sığal onun illərlə gizlində qalan, üstünü toz basmış kimliyini ortaya çıxarmışdı. Bəli..bu o idi..Özü idi..Əsl özü..
O dəyişməmişdi, baxışı dəyişmişdi..indi əls Özünü görürdü..
Səhər açılırdı,elə bu geyimlə səhər yeməyi hazırladı, həyətdəki masanın üstünə Allahın verdiyindən düzdü.Çayları süzüb ərinin və qaynanasının qabağına qoydu.Özü isə otağına keçdi. Özünü böyük bir auditoriya qarşısında çıxışa gedər kimi hazırladı.Bu gün-ilk namazı qıldığı andan o güzgünün önündə özü üçün ikinci bir mühüm qərarı vermişdi..Hicab..
Niyə də yox, məyər Allah qadını belə görmək istəmir? Bəs mən niyə O böyük Məşuqun sözünə əməl etməyim?..
Masaya yaxınlaşdı.Vaxt itirmədən qətiyyətlə dedi:
– Mən istəyirəm, təkcə namazda yox, küçəyə çıxanda da örtülü geyinim.İsyəyirəm hicab bağlayım..
Yoldaşı çayını içə- içə ona çevrildi və təbəssümlə:– Bax da, sən geyinəcəksən, geyinə biləcəksənsə geyin,- dedi – və səhər yeməyinə davam etdi.
O an qəhrəmanımın içində daha böyük bir günəş parladı və sanki o günəşin işıqları onun gözlərindən şəfəq saçmağa başladı..
Bu razılıq və xoşbəxtlik səhnəsi pozular deyə səssiz, lakin dilindən başqa bütün üzvlərinin danışdığı bir hal ilə dayandı. İçindəki xoşbəxtlik günəşinin şəfəqləri hər yerini sarmışdı.
Qaynanasına tərəf baxdı, bu baxışlar “sən nə deyirsən” demək idi.
Qaynanası bir az təəccüblə:
– Yəqin zarafat edirsən,-deyə bu baxşa cavab verdi.
Ortaya qısa sükut çökdü.Sanki bayaqkı günəş birdən-birə qüruba endi,şəfəqlərini də özü ilə çəkib apardı.
– Yoo, ciddi deyirəm.
Parıltısı azalan üzü bir ciddilik görkəmi aldı:
– Axı hicab vacibdi,namaz kimi.
– Sən hələ cavansan,namazı qıl,hicabı isə qocalanda örtərsən..
Mənim qəhrəmanım zəif deyildi, o əzmkar,mübariz qadın idi,doğru bildiyi mövzularda geri çəkilməzdi.Bəzən isə hörmət xatirinə və mübahisə yaranmasın deyə susardı.Düzdü, Allahın hökmününün, vacibatın bütün fikirləridən üstün olduğunu hələ o dərəcədə bilmirdi.Amma bilirdi ki, bu məsələdə o, haqlıdır.Qadın örtülü olmalıdı, hər kəsin onun gözəlliyini görməyə ixtiyarı yoxdur. Və əgər Allah qadını öz hüzurunda – namazda örtülü görmək istəyirdisə, demək qadın elə cəmiyyətdə də örtülü olmalıdır.Əgər Allah- ən gözəl, ən pak, ən doğma varlıq qadına hicabsız baxmaq istəmirdisə, bəs onda niyə naməhrəmlər qadını hicabsız görməli idilər.. Bilirdi ki, qaynanasının etirazı əsassızdır.Lakin hörmət xatirinə susurdu.Bilirdi ki, onun sözünə əhəmiyyət verməsə, və ya haqlı olduğunu sübut etməyə çalışa, bu, evdə qanqaçılığa səbəb olacaq.O isə bunu istəmirdi.Bəs necə etsin?Günlərlə bu mövzuda müsbət rəyə nail olmaq üçün dəfələrlə söhbət açdı,bildiyi qədəri ilə hicabın vacib olduğunu həm də özünün bunu sevərək etmək istədiyini bildirsə də fayda vermirdi. Qaynanası tərs adam idi,” yox” dedi, qutardı,onu döndərmək qeyri- mümkün idi. Napaleon da qoşun çəkib gəlsəydi xeyri yox idi.
Günlər bir- birini əvəz edirdi,ilıq Mayın ardınca azca isinən İyun gəlmişdi.Təbiət füsunkar gözəlliyi ilə aləmə” məndən gözəli ” yoxdu deyirdi.
Qəhrəmanım hər gün vaxtlı-vaxtında namaz qılır,dualar edir,yeni aşiq olduğu Məşuqu ilə vaxt keçirməkdən zövq alırdı, amma bir niskili onun şirin saatlarının dadını pozurdu..Hicabsızlıq..
Bayaq dedim axı qəhrəmanım mübariz idi, doğru bildiyindən belə rahat- rahat əl çəkə bilməzdi.Hər gün əri işə gedəndən sonra söhbəti açırdı.Yoldaşını bu məsələyə qatmırdı, onu arvadı ilə anası arasında qoymaq istəmirdi.Bu “hə alma” söhbətlərinin davam etdiyi günlərin birində bir yuxu gördü..
Çox aydın bir yuxu idi..
Onların yaşadığı ərazidən qatar yolu keçirdi, gediş- gəliş yolu isə qatar yolunun üstündən keçirdi. Axşamçağı hardansa bikef addımlarla evlərinə doğru gəlirdi, ətrafda başqa insanlar da var idi, amma o, tək gəlirdi, günəş üfüqdə qızarırdı, qatar yoluna çatanda dəmir yol xəttinin üstündə bir qadın oturmuşdu .Arxası günəşə tərəf olduğundan, günəşin də şəfəqləri çiyinləri üzərində parladığından qadının üzü görünmürdü.Gəlib ora çatanda, qadın sanki sadəcə onun eşitməsi üçün asta bir səslə dedi:
– Qızım, bilirəm, sən hicab geyinmək istəyirsən, get geyin, narahat olma, qaynanana tapşırmışam, sənə heç nə deməyəcək…
Yuxudan ayıldı..”Bu nə yuxu idi, o qadın kim idi?”-deyə öz-özünə düşündü..
Düzdü, vaxt gələcəkdi, o yuxunun hikmətini də o qadının da kim olduğunu dərk edəcəkdi..
Amma indi, içində o, 27 may günəşi yenidən doğmuşdu, anlayırdı ki, bu yuxu elə- belə yuxu deyil..
Necə oldusa, oldu..tez bir zamanda hicab və hicaba uyğun örtülü paltar aldı… sevə- sevə geyindi..və özünü xoşbəxtliyin zirvəsində gördü..Məşuqun xoşuna gəlmək üçün Onun buyurduğu kimi geyindiyi üçün özünü dünyanın ən bəxtəvər qadını hesab edirdi..
Yuxusunu heç kimə danışmamışdı, amma elə bil doğurdan da kimsə qaynanasına etiraz etməmək üçün bərk- bərk tapşırmışdı.O da susmuşdu, razı olmasa da heç nə demirdi…
Bu hadisədən bir neçə il sonra onlar- qaynana və gəlin Məhərrəm ayının əvvəli Aşura vaxtı Zəhra balasını ziyarət etmək üçün Kərbəlaya yola düşmüşdülər.Qaynanası da həm namaz qılırdı, həm də hicabda idi..
İlər keçib..indi o hər çadrasını başına atanda, kiminsə onu gizli nəzərləri ilə süzdüyünü hiss edir…O isə astadan pıçıldayır:” Anacan, bu əmanətini sənə salamat qaytara bilməyim üçün əlimdən tut, o ilahi nəzərlərini üzərimdən çəkmə, necə ki, o vaxtlar məni tək qoymamışdın…”
S. Əliyeva