“Qızım və çadra”
Bir hicab hekayəsi
Üç qızımdan birinci və sonuncusu hicab yaşlarını səbirsizliklə gözləyirdilər. Onlar bu qərarlarını ağılları kəsən gündən vermişdilər. Onlar hicabı maneəsiz bağladılar.
Nigar üçün isə hicab bağlamaq o qədər də asan olmadı…
Hər dəfə hicab söhbəti düşəndə, evdə narazılıq yaranırdı. Əslində örtünməyi qətiyyətlə inkar etməsinə heç bir əsas da gətirmirdi, sadəcə inkar edirdi, sanki nədənsə çəkinirdi. Bu mövzu onu gərginləşdirirdi. Gözlərində narahatlıq vardı…
Nəhayət, bir gün qorxusunun və qərarsızlığının səbəbini açıqladı ki, gecələr hicab bağlamaq istəyi yaranandan qorxulu yuxular görür, yuxuda onu çox qorxudurlar. Bağlasa, çox qorxunc şeylər olacağını deyirlər. O səslər o qədər qəribə olur ki, bəzən yuxudan oyanandan sonra da onu rahat buraxmır.
Mən ana idim. Bəzən qorxurdum, bəzən tələsirdim. Hicabın mahiyyətini izah etməyə, onu bağlamağa şövq yaratmağa çalışsam da heç bir nəticə vermirdi. Hərdən sözlərim ehtiyatla, sevgiylə başlasa da, israrla bitirdi.
Günlərin birində böyük qızım hicab bağladı, ardınca kiçik qızım.
O gün adi, soyuq noyabr günlərindən biri idi. Ya da biz elə sanırdıq.
Nigarla mağazaya düşürdük. Elə blokdan çıxan kimi, həyətdə bir qız gördük. Qız o qədər gözəl, o qədər gözəl idi ki, gözlərimizi ondan çəkə bilmirdik. Ağ paltarda, ağ hicabda. Sakit, aram addımlarla qarşımızdan asta- asta keçirdi. Elə bil heç yerə tələsmirdi, gecikmirdi də. Heç kimə baxmırdı.
Qızın üzündə izah olunmayan işıq vardı. Gözəllikdən daha çox bir rahatlıq, əminlik hissi verirdi. Mən bu yaşımadək o qədər nurlu insan görməmişdim. Elə bil yer üzündə belə insan yox idi, o, mələk idi və Allah onu bir anlıq bizim gözümüzə göstərmişdi.
İkimiz də heyrətlənmişdik, ürəyimizdən biixtiyar olaraq eyni hisslər keçmişdi. Qızımla sakitcə bir- birimizə baxdıq. İkimiz də heyrətdən donub qalmışdıq.
Birdən qızım asta səslə dedi:
-Anaaaa, gördüüün?… bu insan deyil, mələkdiiii, mələk!
Cavab verməyə macal tapmamış, qızım yenə dilləndi:
– Ana, mən yuxarı qalxıram.
Və bir neçə dəqiqədən sonra Nigar hicabla həyətə düşdü. Daha nə üzündə o tərəddüd, nə gözlərində o qorxu yox idi…
Allah həmişə Allahlığını edib… yenə də etmişdi…
Aynur Khan

