Məqalələr

Məqalələr

Qızım və çadra

Gözlərində sevinc, dodaqlarında xoş bir təbəssüm…
Bu, qızımın çadranı ilk dəfə geyindiyi andır. Sanki balaca bir ürək göylərə boylanır və Nur ayəsinin işığına səssizcə “bəli” deyir.
Çadra onun üçün yük deyil, qanaddır. Addımları dua kimi yeriyir, ayaqları torpağa dəyir, qəlbi isə göyə bağlı qalır. Baxışlarında məcburiyyət yox, sakit və dərin bir iradə var.
Çadra onu uşaq olmaqdan ayırmır. Əksinə, saflığını, məsumluğunu qoruyur, onu hər gün öz mənliyinə bir az da yaxınlaşdırır və öz dəyərini daha aydın dərk etməsinə yol açır.
Çadra ona görə məhdudiyyət deyil -sığınacaqdır. Qadağa deyil-istiqamətdir. Başqalarının gözündə sadəcə parça olan bu örtük onun üçün Xanım Zəhra (s.ə.)-dan qalan bir əmanətdir.
Mən ona baxdıqca artıq təkcə qızımı görmürəm. Xanımın yolunda səssiz addımlarla irəliləyən balaca bir davamçını görürəm. Bu seçim onun üzünə bağlanan qapı deyil, qəlbində açılan bir pəncərədir.
Dünya ona baxmağı öyrədir, çadra isə dünyaya necə baxmalı olduğunu xatırladır. Çadra zəiflik deyil. Bu, insanın “mən hər şeyə açıq deyiləm” deməsidir. Hər baxışa, hər toxunuşa, hər istəyə icazə verməməsidir.
Qızım çadra geyinəndə özünü gizlətmədi. Özünü qorudu. Çünki bu dünyada özünü qorumağı bacaranlar hələ də pak qala bilənlərdir.

Bətul Hüseyn

Daha çox bax
Başa dön tuşu