Məqalələr

“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Uzaq yoldan gəlmişdim. İlk dəfə işıqlı dünyaya gözlərimi açanda anamın isti nəfəsini qulaqlarımda hiss etdim. Qatı dumanı yarıb səmanı lərzəyə gətirən şimşəyin səsi kimi bir ad doğmalığı ilə məni cəlb etdi : Muhəmməd!! O an sonsuz göylərin pambıq kimi buludlarının arasından bütün vücuduma isti bir nur süzüldü. Elə bir nur ki bütün qəlblərin iman açarı idi. Anam namaz üstə hər dəfə adını çəkəndə kainata ədalət səsi yayılırdı. Və mən bu ədalət səsini dinləməkdən doymurdum.. O acizanə səslə yenə pıçıldayırdı : “Ey qəlbin aşkarını və gizlinini bilən, Fariq , qəlbimizdə o Sultana taxt – tac qurmusan. Bu hakimiyyəti qəlbimiz üçün daimi et. Sən Onu çox sevirsən, bizi də bu eşqin şirin atəşindən məhrum etmə. Salam və salavat yağışı yağdır Muhəmməd və ailəsinə” Böyüdüm.. Qəlbim günahlardan zülmətə bürünəndə anamın isti nəfəsi düşür yadıma. Həmin o gün olduğu kimi məni nura aparan o pıçıltı indi də sükutu yararaq imdadıma çatır : “Allahım rəhmətin və salamın olsun Muhəmməd və onun sevdiklərinə” və mən bütün pislikləri məğlub etmiş bir pəhləvana çevrilirəm.