Site icon 𝖎𝖑𝖆𝖍𝖎𝖖𝖊𝖑𝖊𝖒

Məqalələr

Bütün aləm Allahın məhəbbət və qüdrətinin möhtəşəm əsəridir.Yaradılmışların hamısında ilahi rəng olduğu üçün gözəldir.Lakin onlar da öz aralarında bir-birindən fərqləndirilmiş, sanki ilahi bir qələmlə xüsusi rənglənmişdir.. O səbəbdəndir ki, ömürün mənalısı Allaha həsr olunan, ölümün gözəli şəhadət, zamanın qiymətlisi ilahi təfəkkürlə keçən , fəsillərin füsünkarı cilvəli-qəmzəli bahar, ayların xeyirlisi Ramazan, günlərin ən xeyirli və bərəkətlisi isə Cümə günüdür. Cümə – ilahi rənglə boyanmış xüsusi gündür. Cümə -həm də çətinliklərin bitib, asanlığın başlayacağı ümidini hiss etdirən gündür… Cümə – ümiddir.. Pərdə-pərdə çökən qaranlığın ardınca cücərən işıq kimi.. Qışın son ayı günəşin zəif nəfəsini duyduğu üçün baharın gələcəyinə mütləq əmin olan və üzərini örtmüş ağ yorğanı aralayaraq qarlı kirpiklərini çırpıb torpağın buz bağrından boylanan nərgizlər kimi.. Ümid ölmür, bitib – tükənmir, biri ölmədən digəri doğulur, biri bitmədən digəri başlayır.. Eynilə kənarında baş – başa verib küləklərin nəvazişi ilə çuğlaşan söyüdlərin keşik çəkdiyi, dağların başına qıvrıla-qıvrıla dolanan uzaq kənd yolları kimi.. Sonra zirvələrin ətəyindən enib şəhərin səs-küyündə qaynaşan, dolanbac küçələrdən keçib bir şəhərdən digərinə üz tutan, birinin bitdiyi yerdən yenisinin yarandığı, beləcə əl-ələ verib dünyanı gəzib- dolaşan və bitib-tükənməyən yollar kimi.. Ümid intizardan doğur… Günəş baharı torpağa, yollar yolçunu mənzilə, ümid intizarı vüsala doğru aparır.. …Ümidlərin ən alisi bütün bəşəriyyətin xilaskarına bağlananıdır..Və bir gün o ümidin təcəlla edəcəyi mübarək Cümənin olacağı mütləqdir.

Sevda Əliyeva.

Exit mobile version