Site icon 𝖎𝖑𝖆𝖍𝖎𝖖𝖊𝖑𝖊𝖒

Peyğəmbər…. Yəni nurun insanlaşmış halı.

Peyğəmbər…. Yəni nurun insanlaşmış halı.

Dünya qaranlıq idi… İnsanlar öz yollarını itirmiş, daşlara, ağaclara, hətta öz arzularına sitayiş edirdi. O zaman ALLAH mərhəməti ilə bəşəriyyətə bir Nur göndərdi..Həzrəti Məhəmməd  (s.ə.s). O, yalnız bir insan deyildi, ALLAHIN mərhəmətinin yer üzündə təcəssümü idi. O, dünyaya “Rəhmət peyğəmbəri” olaraq gəldi. O danışanda qəlblər yumşalır, baxanda ruhlar rahat tapırdı. Ən sadə insanı dinləyər, ən kədərli qəlbi sevindirərdi. Onun üçün varlı-yoxsul, qul-azad, qadın-kişi fərqi yox idi. İnsan olmaq əsas idi. Bir gün bir kimsəsiz uşağı qucağına aldı və buyurdu:

“Kim bir yetimin başını sığallasa, saçlarının sayı qədər savab qazanar.”

Bu sözlərlə o, bizə yalnız yetim sevgisini deyil, insanlığın əsl təməlini, mərhəməti öyrətdi.

O, müharibədə belə düşməninə mərhəmət göstərir, nümunə olurdu. Taifdə daşlananda,  “ALLAHIM, onları bağışla, bilmirlər” deyə dua edir, hər halı ilə iz qoyurdu. Onun həyatında kin yox idi..yalnız səbr və təslimiyyət vardı.

Peyğəmbərimiz (s.a.s) bir dəfə buyurdu: Mən yalnız gözəl əxlaqı kamilləşdirmək üçün göndərildim.

Bu cümlə hər əsrdə, hər insan üçün cavabdır: Əsl iman gözəl əxlaqdır. O, bizə ALLAHI yalnız ibadətlə deyil, davranışla, vicdanla, təbəssümlə tanıtmağı öyrətdi. Bu gün də dünya bəzən o qaranlıqlara bürünür. İnsanlar yenə yolunu itirir. Amma kim onun yoluna baxsa..o, nurla dolu bir izi görər. O iz sevgi, səbir, bağışlanma və ədalət izidir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) yalnız keçmişin bir simvolu deyil, hər anın nurudur. O, bizə həyatın sükunətində ALLAHA yönəlməyi, çətinlikdə güvəni, bolluqda şükrü, yoxsulluqda səxavəti öyrətdi. Onun adı zikr olunduqda qəlb sakitləşir, çünki o ad ALLAHIN rəhmətinin özüdür.

 Günel Kərimova

Exit mobile version